Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında suverenliyini möhkəmləndirəcək yenidənqurma işlərinin ən qabaqcıl və innovativ şəkildə aparılmasına dair Prezidentin tapşırıqları ölkənin təhsil və elm icması qarşısında yeni vəzifələr qoyur. Böyük Qayıdış prosesinin hərtərəfli həyata keçirilməsi və gələcək nəsillər üçün dayanıqlı olması ölkədə mükəmməl təhsilli insan kapitalının yetişdirilməsini zərurət edir.
Təhsilin keyfiyyət göstəricisi şagird və tələbədirsə, bu keyfiyyətin təminatçısı müəllimdir. ADA Universiteti özünün müəyyənləşdirdiyi təhsil standartlarına çatması üçün yarandığı ilk gündən müvafiq tələblərə cavab verən müəllimlərin aşkarlanmasını qarşısına məqsəd qoyub. Bu, Universitet üçün ardı kəsilməyən bir prosesdir. Əgər başlanğıc mərhələdə ADA-nın müəllimləri Azərbaycanın müstəqilliyinin ilk illərində elm həvəsi ilə xaricə gedən, bakalavr, magistr və doktorantura üzrə dünyanın aparıcı ölkələrində təhsilini bitirənlər idisə, son illər onların sırasına Xaricdə Təhsil Dövlət Proqramının məzunları qoşulmağa başlayıb. Və ümid edirik ki, növbəti illərdə onların sırasına Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramının yetirmələri də qatılacaqlar. Biz, ölkəmizin gələcəyinin bu günün sinif otağında qurulduğunu dərk edirik. Buna görə də tələbələrlə işlərimizdə addımlarımızı məhz Azərbaycanın gələcəyini düşünərək atırıq. Yüzlərlə gəncin qarşısına çıxan müəllim tək sahəsi üzrə biliyi deyil, həm də şərəf və ləyaqəti, ali tutduğu dəyərləri, sadiq qaldığı prinsipləri, davranış tərzi, tələbələrə yanaşması və qayğıkeşliyi, Vətənə xidmət ehtirası və maarifçiliyi, elm və tətbiqdə yenilikçi ruhuna görə nümunə olmalıdır. ADA müəlliminin vəzifəsi tək sinif otağında dərs saatları ilə bitmir. O, bu vəzifəni yaşayır. Çünki ADA müəllimi tək mütəxəssis yetişdirmir. O, ən başlıcası, insan və vətəndaş yetişdirir.
Müəllim missiyasına bu cür yanaşmanın icadına ehtiyac yox idi - qarşımızda unudulmaz tarixi bir nümunə var idi - Qazax Müəllimlər Seminariyası. XIX əsrin sonları, XX əsrin əvvəllərində Çar Rusiyasında fəaliyyət göstərən Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin, demək olar ki, varisi olan Qazax Müəllimlər Seminariyası milli irsimizin gözəl yadigarlarından biri kimi bütün azərbaycanlıların qürur mənbəyidir. Necə də olmasın- axı, Qori Seminariyasından və Qazax Seminariyasından yüzlərlə azərbaycanlı “müəllim” adı qazanaraq məzun olub: Firudin Bəy Köçərli, Rəşid Bəy Əfəndiyev, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Səfərəli Bəy Vəlibəyov, Mahmudbəy Mahmudbəyov, Süleyman Sani Axundov, Müslüm Maqomayev, Üzeyir Hacıbəyli, Əhməd Seyidov, Səməd Vurğun, Mehdi Hüseyn, İsmayıl Şıxlı, Osman Sarıvəlli və başqaları. Bu şəxsiyyətlər müəllimlik adını yüksək tutub, həyatlarını xalqımızın maariflənməsinə həsr ediblər. Onlar Azərbaycanda opera, teatr, kitabxana yaradıb, qəzet və jurnal nəşr edib, ana dilimizi qoruyub, ədəbiyyatı, incəsənəti, mədəniyyəti inkişaf etdiriblər. Qori Seminariyasının və Qazax Seminariyasının məzunları bu ölkəyə mütərəqqi ideyalar, yeni təfəkkür gətiriblər. Bu günün pəncərəsindən çox uzaqda görünən bu böyük şəxsiyyətlərin bəzilərini yeniyetmə yaşlarımda gördüyümü yaddaşımda canlandıraraq, özümü də söhbət apardığımız şanlı tarixin sanki bir parçası hiss etməkdən qürurlanıram.
Maarifçilərimiz Qori Seminariyasının Azərbaycan şöbəsini Vətənə gətirmək üçün çox cəhd etdilər. Məhz Qazax camaatının təşəbbüsü və maddi və mənəvi dəstəyi nəticəsində Qori Seminariyasının öncə məzunu, sonra müəllimi olan Firudin bəy Köçərli Azərbaycan şöbəsini fədakarcasına Gürcüstandan Vətənə köçürə bilmişdir. Firudin bəy Köçərli böyük şəxsiyyət, maarifçi və pedaqoq idi. Qori və Qazax seminariyalarının məzunları özlərinin milli-mənəvi dəyərlərini nəyin bahasına olursa-olsun qoruyan və yaşatmaqda qətiyyətli olan maarifçilərə çevrildilər. Firudin bəy Köçərlinin rəhbərliyi ilə Qazaxda fəaliyyətə başlayan Müəllimlər Seminariyası da öz ölkəsinin mədəni-intellektual qüvvəsinə çevriləcək məhz belə toxumlar cücərtmək əzmində idi. Qazaxda 1918-ci il noyabrın 10-da təntənəli açılışı keçirilən Müəllimlər Seminariyasının qarşısında türk və Azərbaycan ziyalılarının səsləndirdiyi fikirlərdən biri də bu idi ki, “Vətəni ancaq iti qılıncla deyil, həm də elmlə, əqillə qorumaq lazımdır”. Bu kəlamın tarixdə dövr edib zəmanəmizin həqiqətinə çevrilməsinin biz, bu günlərdə şahidi oluruq.
Ötən həftə ADA Universitetinin heyəti Qazax icmasının ziyalıları, eləcə də Azərbaycanın müxtəlif bölgələrindən səfər edən müəllimlər, məktəb direktorları və tanınmış ziyalılarla birlikdə Qazax Müəllimlər Seminariyası binasının qarşısında təntənəli mərasimə toplaşaraq yeni layihənin başlanğıcını elan etdilər. “Bir müəllimin manifesti” təşəbbüsü ölkəmizdə təhsilin inkişafına qiymətli yatırım edəcək - Qazax Müəllimlər Seminariyası ADA Universiteti tərəfindən bərpa edilərək yenidən öz tarixi missiyasını davam edəcək. Burada bir əsr əvvəl yandırılan elm işığını daha geniş yayacaq və yeni nəsil maarifçilər yetişdirəcək. Bu təşəbbüsə maliyyə dəstəyini Amerikada 1957-ci ildə təsis edilən Azərbaycan Amerika Cəmiyyəti də göstərəcək. Cəmiyyətin Prezidenti Tomris xanım Azəri Azərbaycan bayrağını həmişə uca tutan, bu ölkənin müstəqilliyini həsrətlə gözləmiş, Azərbaycanın tanınması üçün əlindən gələni əsirgəməyən, həyatı boyu Vətənə xidmət edən şəxsiyyətlərdən biridir.
ADA Universiteti ölkəmizdə yüksəkixtisaslı müəllimlər yetişdirmək səylərinə dəstək vermək məqsədilə “Bir müəllimin manifesti” təşəbbüsü çərçivəsində illərlə topladığı beynəlxalq qabaqcıl elmi-pedaqoji təcrübəni bölgələrdəki məktəblərlə və müəllimlərlə bölüşəcək. Universitetimizin müəllimləri yerlərdə məktəblərlə işləyib, buradakı aparıcı müəllimləri seçib ixtisasartırma üçün ADA-ya gətirəcək. Həmin müəllimlərin bir qismi ABŞ paytaxtı Vaşinqtonda yerləşən ADA Universitetinin Mərkəzində təhsil ala biləcəklər. Məqsəd nümunəvi təcrübələri yaymaq, peşəkar müəllimlər yetişdirmək, vətəndaşlıq və sosial məsuliyyət hissini daha dərindən aşılamaqdır.
“Bir müəllimin manifesti” təşəbbüsü yüz il əvvəl milli təhsilimizin başlanğıcından od qopararaq ölkəmizin milli maarifçilərini tarixi qələbəmizi hər sahədə uğura çevirəcək nəslin memarları kimi yenidən alovlandıracaq.