ADA Universiteti “Azǝrbaycan” qǝzetinin seçilmiş on nömrǝsinin transliterasiyasını tǝqdim edir

ADA Universiteti “Azǝrbaycan” qǝzetinin seçilmiş on nömrǝsinin transliterasiyasını tǝqdim edir

31.05.2021
ÖN SÖZ

ADA Universitetinin tǝşǝbbüsü vǝ dǝstǝyi ilǝ Azǝrbaycan Xalq Cümhuriyyǝti Hökumǝtinin orqanı olan “Azǝrbaycan” qǝzetinin (1918-1920) tam kolleksiyası ǝrǝb qrafikalı ǝlifbadan latın qrafikalı müasir Azǝrbaycan ǝlifbasına köçürülǝrǝk, lüğǝt, izahlar, şǝrhlǝr vǝ adlar göstǝricisi ǝlavǝ edilmǝklǝ nǝşrǝ hazırlanmaqdadır. Tǝǝssüflǝ qeyd etmǝk lazımdır ki, bu istiqamǝtdǝ ayrı ayrı tǝşǝbbüslǝr olsa da (mǝrhum professor Şirmǝmmǝd Hüseynovun çalışmaları xüsusilǝ yada salınmalıdır), “Azǝrbaycan” qǝzeti kimi mühüm bir nǝşrin müasir oxucu üçün ǝlçatan olmasını tǝmin edǝcǝk iş, 30 illik müstǝqillik dövründǝ hǝyata keçirilmǝmişdir.

“Azǝrbaycan” qǝzetindǝki materiallar Azǝrbaycan Cümhuriyyǝtinin bilavasitǝ tarixini ǝks etdirir. Qǝzetin sǝhifǝlǝrindǝ Azǝrbaycan Hökumǝtinin qǝrarları, Parlament üzvlǝrinin çıxışları, paytaxtda vǝ bölgǝlǝrdǝ baş verǝn hadisǝlǝrin tǝfǝrrüatları, müxtǝlif tǝhlillǝr, xatirǝlǝr öz ǝksini tapıb. Günümüzdǝ xüsusi ǝhǝmiyyǝt kǝsb edǝn Qarabağ, Zǝngǝzur bölgǝlǝrinǝ dair materiallar oxucularda böyük maraq doğuracaqdır. Elǝcǝ dǝ, Azǝrbaycan Cümhuriyyǝtinin xarici dövlǝtlǝrlǝ münasibǝtlǝri, dövrün ab-havası müfǝssǝl şǝkildǝ qǝzetin sǝhifǝlǝrindǝ ǝks olunub. Ümumiyyǝtlǝ bu qǝzetin transliterasiyası Azǝrbaycan Cümhuriyyǝti tarixşünaslığında yeni bir sǝhifǝ açacaq vǝ gǝlǝcǝk tǝdqiqatlar üçün mühüm stimul olacaqdır.

İlk dörd nömrǝsi Gǝncǝdǝ, sonrakı nömrǝlǝri Bakıda nǝşr edilǝn “Azǝrbaycan” qǝzetinin 15 sentyabr 1918 – 28 aprel 1920 tarixlǝri arasında tǝxminǝn 450 nömrǝsi çapdan çıxmışdır.

Qǝzetin redaktorları müxtǝlif vaxtlarda Ceyhun bǝy Hacıbǝyli, Şǝfi bǝy Rüstǝmbǝyli, Üzeyir bǝy Hacıbǝyli vǝ Xǝlil İbrahim kimi dövrün qabaqcıl ziyalıları olmuşdur. Qǝzet ǝksǝriyyǝtlǝ 4 sǝhifǝ hǝcmindǝ çıxsa da, bǝzi nömrǝlǝrdǝ sǝhifǝlǝrin sayı fǝrqlilik göstǝrir. Hǝr sǝhifǝdǝki sütunların sayı vǝ sǝhifǝlǝrin ölçüsü, qǝzetin çap olunduğu 19 ay yarımlıq müddǝt ǝrzindǝ bir neçǝ dǝfǝ dǝyişmişdir.

“Azǝrbaycan” qǝzetinin nüsxǝlǝri Azǝrbaycan Respublikasının Milli Arxiv İdarǝsindǝ, Azǝrbaycan Respublikasının Dövlǝt Arxivindǝ, Azǝrbaycan Respublikası Prezidentinin İşlǝr İdarǝsinin Siyasi Sǝnǝdlǝr Arxivindǝ, Mǝhǝmmǝd Füzuli adına Əlyazmalar İnstitutunda vǝ Azǝrbaycan Milli Kitabxanasında pǝrakǝndǝ halda saxlanmaqdadır.

“Azǝrbaycan” qǝzetinin tam kolleksiyasının elmi nǝşri üzǝrindǝ davam edǝn işlǝ yanaşı, ADA Universiteti, Cümhuriyyǝt tariximizǝ, elǝcǝ dǝ mǝtbuat tariximizǝ maraq göstǝrǝnlǝr üçün “Azǝrbaycan” qǝzetinin xüsusi bir nǝşrini hazırlamışdır. Bu xüsusi nǝşrdǝ “Azǝrbaycan” qǝzetinin seçilmiş on nömrǝsinin transliterasiyası tǝqdim olunur. Seçilmiş nömrǝlǝrin transliterasiyası ǝsnasında qǝzetin dili vǝ imla xüsusiyyǝtlǝri qorunmuş, qǝzetin orijinal tǝrtibatına riayǝt edilmişdir. Transliterasiya edilmiş nüsxǝlǝr, orijinal nüsxǝlǝrin surǝtlǝriylǝ birgǝ tǝqdim olunur.

Xüsusi nǝşrǝ daxil edilǝn nömrǝlǝrin seçimindǝ qǝzetin sǝhifǝ sayı vǝ tǝrtibatı baxımından müxtǝliflik ǝks olunmuşdur. Hǝr redaktorun imzasıyla nüsxǝlər kolleksiyaya daxil edilmişdir vǝ bǝzi önǝmli tarixlǝrdǝ çap olunan nüsxǝlǝrǝ üstünlük verilmişdir. Mǝsǝlǝn, 28 may 1919-cu il tarixli “bayram nömrǝsi”, Azǝrbaycan Cümhuriyyǝtinin istiqlaliyyǝtinin birinci ildönümü münasibǝtilǝ mǝxsusi tǝrtibatla çap olunmuşdur. 31 mart 1919-cu il nömrǝsi isǝ 1918-ci ilin mart ayında bolşevik-daşnaq quldurlarının Bakıda, elǝcǝ dǝ Azǝrbaycanın bir çox başqa yerindǝ törǝtdiklǝri soyqırımın ildönümünǝ hǝsr olunmuşdur. 14 yanvar 1920-ci il tarixli nömrǝ, Azǝrbaycan Xalq Cümhuriyyǝtinin Paris Sülh Konfransı Ali Şurası tǝrǝfindǝn tanınması münasibǝtilǝ, yenǝ bir “bayram nömrǝsi” kimi çap edilmişdir. Bu nömrǝ, qǝzetin tarixindǝ yeganǝ istisna olaraq “Müstǝqil Azǝrbaycan” adıyla çıxmışdır. Digǝr nömrǝlǝr dǝ bugünkü oxucuların diqqǝt vǝ marağını cǝlb edǝcǝk yazılarla zǝngindir.

ADA Universiteti, Azǝrbaycan xalqının tarixi mirasını qorumaq vǝ gǝlǝcǝk nǝsillǝrǝ ötürmǝk işinǝ töhfǝ vermǝkdǝn qürur duyur.

Hafiz PAŞAYEV,
ADA Universitetinin Rektoru

Nəşri keçidə daxil olaraq oxuya bilərsiniz.