“Mir Şahinin Vaxtı” verilişinin son buraxılışı Qazax Müəllimlər Seminariyasından bəhs edib

“Mir Şahinin Vaxtı” verilişinin son buraxılışı Qazax Müəllimlər Seminariyasından bəhs edib

13.08.2023
“Mir Şahinin Vaxtı” verilişinin ADA Universiteti Qazax Mərkəzi Qazax Müəllimlər Seminariyasından bəhs edən buraxılışı yayımlanıb.

Qazax Müəllimlər Seminariyasının tarixinə, seminariyanın Azərbaycan ictimai-siyasi məkanında yerinə toxunulan verilişdə ADA Universitetinin Rektoru, səfir Hafiz Paşayevin “mühazirəsi” öz əksini tapıb.

Aparıcı tərəfindən verilən sualları səmimi cavablandıran Hafiz Paşayev bildirib ki, ADA Qazax Mərkəzinin yaradılması barədə qərara 2018-ci il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində gəlinib: “Düşündük ki, cavanlara o dövr haqqında məlumat verək, imkan olsa, bəzi nəşrlər edək. Təəssüf ki, o dövr haqqında bizim o qədər məlumatımız olmayıb. Biz istədik bu tarixi yeni üslubda açaq. Mən Şəmistan Nəzərlinin “Qoridən gələn qatar” adlı kitabını oxuduqdan sonra gördüm ki, Qori Seminariyasında böyük mütəfəkkirlər – Üzeyir Hacıbəyov, Nəriman Nərimanov, Müslüm Maqomayev oxuyub. Bu adları oxuduqda öz-özümə utanırdım ki, bu mütəfəkkirlər haqqında eşitsək də harada oxuduqlarını bilmirdim. Mənim bir üstünlüyüm var idi ki, evdə Mir Cəlal müəllim bizə danışardı. Xüsusən ədəbiyyat xadimləri haqqında məlumatım var idi. Mir Cəlal müəllimin ədəbi məktəblər barəsində doktorluq dissertasiyası var idi. O zamanlar yazıb-yaratmış şəxslər haqqında məlumatı ilk dəfə Mir Cəlal müəllim toplamışdı”.

Rektor həm də ADA Qazax Mərkəzində təqdim edilən “Bir Müəllimin Manifesti” ixtisasartırma proqramından söhbət açıb. O, Mərkəzdə təqdim edilən ilk təhsil proqramının əsas məqsədləri barədə məlumat verib.

Daha sonra ADA Universitetinin tǝşǝbbüsü vǝ dǝstǝyi ilǝ “Azǝrbaycan” qǝzetinin ǝrǝb qrafikalı ǝlifbadan latın qrafikalı müasir Azǝrbaycan ǝlifbasına köçürülməsindən danışan Rektor bu təşəbbüsün Azǝrbaycan xalqının tarixi mirasını qorumaq vǝ gǝlǝcǝk nǝsillǝrǝ ötürmǝk işinǝ verdiyi töhfəni vurğulayıb. “Kaş tələbə vaxtı bu qəzeti oxuya bilərdik. Mən təsəvvür etməzdim ki, o dövrdə qəzetdə Azərbaycan xanımı elan verib ki, Holqins küçəsində diş həkimiyəm, gəlin dişlərinizə baxacağam. Bu, bizim o dövrdə nə qədər inkişaf etdiyimizi göstərir,” deyə o əlavə edib.

Mühazirənin davamını aşağıdakı keçid vasitəsilə izləyə bilərsiniz:
https://bit.ly/3PEOXv7