Hörmətli qurultay iştirakçıları,
Hörmətli müəllimlər,
Mən müəllim ailəsində doğulub böyümüşəm. Mir Cəlal müəllim haqqında danışanda, onun xidmətlərini bir qayda olaraq “yazıçı, alim və pedaqoq” kimi qeyd edirlər. Amma mən deyərdim ki, onun üçün bu üç vəzifənin ən başında gələn müəllimlik idi.
Təsadüfi deyil ki, 1960-cı ildə o, Azərbaycan müəllimlərinin 4-cü qurultayında çıxış etmişdir. Mən bu gün sizinlə görüşə hazırlaşanda Mir Cəlalın həmin qurultaydakı çıxışını nəzərdən keçirdim və anladım ki, üstündən 63 il keçsə də, müddəalar demək olar ki, eynidir. Çünki zaman dəyişsə də, müəllimin əsas qayğısı dəyişməz qalır – cəmiyyətin gələcəyi!
Təhsilin keyfiyyət göstəricisi şagird və tələbədirsə, bu keyfiyyətin təminatçısı müəllimdir.
Mir Cəlal öz çıxışında “Xalq müəllimi kimdir?’ sualına belə cavab verirdi:
“Gənc nəslin ilk nümunə və ibrət götürdüyü, sözünü, işini, hərəkətini təqlid etdiyi şəxsdir. Mədəni cəmiyyət, mədəni ailə və mədəni vətəndaşın minnətdar olduğu zümrədir xalq müəllimi!”
Müəllim adını qorumaq və yüksəltmək hər birimizin vəzifəsidir. Zəhmətsiz nemətə tamah salan, vəzifəlilərə yaltaqlanan, özündən asılı olanlardan istifadə etməyə çalışan adam müəllim adına yaddır. Camaat arasında hörmət qazanmayan müəllimin sözü kəsərli olmaz.
Müəllim öz işində ən həssas, ən ayıq və ən səmimi insanlarla-uşaqlarla işləyir. Onların yanında bir yalan söz, bir qaba hərəkət və ya çirkin əməl adamı dərhal hörmətdən salar. Və bu nəinki bir müəllimə, bütün müəllim adını daşıyanlara təsir edər. Uşaqların və gənclərin iti müşahidə və amansız mühakiməsi var. Xüsusilə də uşaqlar müasir dünyada, geniş biliklərin onlara internet vasitəsilə əlçatan olduğu şəraitdə müəllimin hazırsızlığını tez sezirlər. Öz qərarlarında daha azad və çevik olmaq istəyirlər.
Ali təhsil sistemi tələbələrə bu çevikliyi vermək üçün çalışmalıdır. Gənclərin peşə, təhsil istiqaməti və təhsil ocağı seçimində daha çox imkanları olmalıdır. İcazə verilməlidir ki, istədikdə onlar özlərinin və yaxud valideynlərinin təsiri altında verdikləri qərarı dəyişdirə bilsinlər. İnanıram ki, belə olsa, bu Prezident İlham Əliyevin “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda müəyyənləşdirdiyi “təhsilalanın fərdi xüsusiyyətlərinə yönəlik” peşə seçimi məqsədinə xidmət edər.
Biz müəllim olaraq şagird və tələbələrin uğurlarını nə qədər təmin etməyə çalışsaq da, həqiqət budur ki, öyrənmə məsuliyyətinin əsas payı məhz özlərinin üzərlərinə düşür. Biz isə onlara bu məsuliyyətin dərk olunmasında kömək edə bilərik. Sürətlə dəyişən dünyada tədris edilən proqram və dərsliklər daima yenilənməli, tədris materialları gerçək həyata uyğunlaşdırılmalıdır. Gənclərin müasir texnologiyalara həvəsini nəzərə alaraq təhsildə interaktiv metodların və yeni alətlərin istifadəsini genişləndirməliyik.
Xüsusilə vurğulamaq istərdim ki, ədəbiyyat dərsinə sadəcə dərs kimi baxmaq lazım deyil. Dövlət Strategiyasının tələbinə uyğun “demokratiya prinsiplərinə və xalqın milli ənənələrinə, Azərbaycançılıq ideyalarına sadiq qalan, müstəqil və yaradıcı düşünən vətəndaş yetişdirməyin” ən təsirli yolu gəncləri bədii ədəbiyyata həvəsləndirməkdir. Onların xasiyyətinin kamilləşməsi, müəyyən peşəni sevməsi, həyata münasibətinin formalaşmasında ədəbiyyatın, xüsusən də, klassik əsərlərin təsiri böyükdür. Bu yolla hətta tarixin də daha həvəslə öyrənilməsinə nail ola bilərik. Odur ki, ədəbiyyat dərsinin məzmununa, metodikasına, təşkilinə daha çox diqqət ayrılmalıdır.
Bu il biz xalq olaraq Azərbaycanın suveren hüdudlarının bərpa edilməsində sonuncu nöqtəni qoyduq. Ali Baş Komandanın rəhbərliyi altında ordumuz üç il əvvəl qazandığı tarixi Zəfəri təkrarlayıb Xankəndidə dövlət bayrağımızı ucaltdı. Bununla yanaşı, “Böyük qayıdış” prosesi sürətlə, hərtərəfli şəkildə davam edir. Mürəkkəblə yox, qanla yazılan yeni səlnaməmiz, Azərbaycanın dünyaya açıq siyasəti bugünkü tədris prosesinin aparıcı istiqamətlərindən olmalıdır. Bu istiqaməti yeniyetmələrə anlaşıqlı, ruhlandırıcı və yaradıcı şəkildə çatdırmaq müəllimlərin boynuna düşən vəzifədir.
ADA Universiteti fəaliyyətdə olduğu 17 il ərzində keyfiyyətli müəllimlərin axtarışını və yetişdirilməsini qarşısına prioritet məqsəd kimi qoymuşdur.
Əgər biz onları Azərbaycanın müstəqilliyinin ilk illərində elm həvəsi ilə xaricə gedən və aparıcı universitetlərdə təhsilini bitirənlər arasında tapırdıqsa, sonrakı illərdə onların sırasına Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan “Xaricdə Təhsil Dövlət Proqramı”nın məzunları qoşuldu.
Lakin qarşımızda duran təhsilin inkişaf prioritetlərini nəzərə alsaq, keyfiyyətli müəllim yetişdirilməsi missiyasını sadəcə xaricdən məzunların tapılmasından asılı edə bilmərik.
Bildiyiniz kimi, ADA Universiteti orta təhsil sahəsində də müəllimlərin hazırlığına töhfə vermək üçün Qori Müəllimlər Seminariyasının varisi olan Qazax Müəllimlər Seminariyasının tarixi binası və missiyasını bərpa edib.
Burada bir əsr əvvəl yandırılan elm işığını daha gur parladıb, yeni nəsil maarifçilər yetişdiririk.
Həmin missiyanın devizini 100 il əvvəl deyilmiş sözlər çox yaxşı ifadə edir:
"Vətəni ancaq iti qılıncla deyil, həm də elmlə, əqillə qorumaq lazımdır."
Bir sual edim-Firudin bəy Köçərli və Badisəba xanımın fəaliyyəti barədə cəmiyyətimiz nə qədər biliklidir? Öz təcrübəmdən deyim ki, tələbə olarkən maarif və pedaqogikanı bizə əcnəbi nümunələrlə tədris edirdilər. Amma, Firudin bəy Köçərli və onun xanımı kimi tarixi şəxsiyyətlərimizin adları dərsliklərdə çəkilmirdi. ADA Universiteti bu milli irsi davam etdirərək ölkəmizdə yüksək ixtisaslı müəllimlər yetişdirmək üçün üç ildir ki, “Bir müəllimin manifesti” proqramını həyata keçirir. Biz burada illərlə topladığımız elmi-pedaqoji təcrübəni bölgələrdəki məktəblərə və müəllimlərə ötürməyə çalışırıq. Universitetimiz rayonlarda qabaqcıl müəllimləri seçib ixtisas artımı üçün ADA-ya gətirir. Həmin müəllimlər həmçinin ADA Universitetinin Vaşinqton Mərkəzində beynəlxalq təhsil təcrübəsi ilə də tanış ola bilirlər.
Qazaxdakı təcrübəmizi artıq Şəki və Gəncədə tətbiq etməyə başlamışıq. Bu prosesə İtaliyanın Bolonya Universiteti və Milan Politexnik Universitetindəki tərəfdaşlarımızı da cəlb edəcəyik.
Dünya iqtisadiyatının və iş bazarının sürətlə dəyişməsi ali təhsildə yeni modellərin tətbiqini tələb edir, onun daha çevik və qısa müddətli olmasına imkan yaradır. Gənclər qısa zamanda həm bilik, həm də bacarıq qazanaraq iş bazarına tam yararlı olmaq istəyirlər. Bu məqsədlə ADA Universiteti hazırda üç illik ali təhsil modelinin tətbiqi üzərində işləyir. Belə proqramlar ali təhsili xüsusilə bölgələrdəki gənclərimizə daha əlçatan edəcək.
“Təhsilin inkişafı üzrə Dövlət Strategiyası” qarşımıza başlıca vəzifə kimi Azərbaycanın beynəlxalq rəqabət qabiliyyətini yüksəltmək üçün insan kapitalının hazırlanmasını qoyur. Belə rəqabət mühitində universitetlər tədqiqat və innovasiya mərkəzlərinin fəaliyyətini artırmalıdırlar. İş bazarı və elm ocaqları bir-birinin ehtiyaclarından xəbərdar olmalı və onları qarşılamalıdır.
100 illik yubileyini qeyd etdiyimiz ümummilli lider Heydər Əliyev deyirdi: “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır.” Əminəm ki, qurultay iştirakçıları birgə səyləri ilə müəllim qəlbinin hərarətini heç zaman səngiməyə qoymayacaq.