ADA
News

ADA Universitetinin magistratura pilləsinə qəbul müsahibələrini uğurla keçmiş bakalavrlar üçün məlumat

Əziz müraciətçi, sizi ADA tələbəsi adını qazanmağınız münasibətilə təbrik edirik!

ADA ailəsinin bir üzvünə çevrilmək həyəcanlı və maraqlı bir prosesdir. Bu yolu sizin üçün mümkün qədər rahat etmək istəyirik. Bu səhifədə qeydiyyatınızı tamamladıqdan sonra sizi gözləyən mühüm tarixlər barədə məlumat ala bilərsiniz:

1 iyun: Şərti qəbul olanlar üçün son tarix

Şərti qəbul alan tələbələrin ingilis dili imtahan nəticəsini təqdim etməsi üçün son tarix. İmtahan nəticəsini Tələbə Qəbulu şöbəsinin əməkdaşı Gülnarə Məmmədovaya (gimammadova@ada.edu.az) göndərə bilərsiniz.

28 iyun: İlk görüş

Qeydiyyat prosesini tamamlamış tələbələrlə qeyri-rəsmi formatda görüş keçiriləcək. Bu tədbirdə siz öz fakültənizin dekanı və müəllimləri ilə görüşə biləcək və qrup yoldaşlarınızı tanıma şansı əldə edəcəksiniz. Tədbirə ayrıca qeydiyyat aparılacaq.

İyul: Portal qeydiyyatı

Əvvəlcədən təyin olunacaq müddət ərzində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin vahid sistemi olan www.portal.edu.az ünvanında qeydiyyatınızı tamamlamalısınız. Tarixlər elan olunduqda qeydiyyat prosesi ilə əlaqədar bizdən əlavə məlumat alacaqsınız.

İyul-avqust: Elektron giriş məlumatları

Portalda qeydiyyatını tamamlayan tələbələrə fərdi şəkildə e-poçt vasitəsilə ADA Universitetinin elektron sistemlərinə giriş məlumatları göndəriləcək.

8-9 avqust: Dərslərə qeydiyyat

Bu tarixlərdə elektron şəkildə dərslərə qeydiyyatdan keçməlisiniz.

26 avqust-6 sentyabr: Semestrə Hazırlıq Proqramı (Pre-degree Course)

Tədqiqat metodları və Akademik yazı mövzuları üzrə 2 həftəlik təlimlər təşkil olunacaq və dərs saatları barədə tələbələrə ətraflı məlumat təqdim ediləcək. Bu, sizin qarşıdan gələn semestriniz üçün ilk akademik hazırlığınızdır.

Tədqiqat və yazı bacarıqları tələbələrin magistr səviyyəsində akademik müvəffəqiyyət qazanması üçün fundamental əhəmiyyətə malikdir. Bu bacarıqların inkişaf etdirilməsi üçün “Tələbələrə Akademik Dəstək Şöbəsi” hər il yeni qəbul olunmuş magistr tələbələrinə payız semesterindən öncə “Tədqiqat metodları” və “Akademik yazı” mövzuları üzrə təlimlər təşkil edir. Bu təlim tələbələri tədqiqat metodları və akademik yazı üzrə ilkin akademik biliklərlərlə təmin edir və onlara təhsil müddətində daha uğurlu və özgüvənli olmaq imkanı yaradır.

Təlim vasitəsilə tələbələr akademik yazı qaydalarından düzgün istifadə etmək,akademik yazının strukturunu formalaşdırmaq,mənbələrə düzgün istinad etmək kimi təməl bacarıqlara yiyələnəcək; tədqiqat suallarını necə tərtib etməyi, tədqiqatların dizaynını, məlumatları toplamaq və təhlil etməyi və tədqiqat nəticələrini şərh etməyi öyrənəcəklər.


Təlim proqramı və dərs saatları barədə tələbələrə ətraflı məlumat tezliklə təqdim ediləcək. Təlimin tələbələrin gələcək akademik təhsilində və karyerasında faydalı fürsət olacağına inanırıq.

Sentyabrın ilk həftəsi: ADA Universiteti ilə tanışlıq

Sentyabr ayının ilk həftəsində sizin üçün tanışlıq tədbiri keçiriləcək. Bu tədbirdə bütün lazımi şöbələrlə görüşüb, universitet həyatı ilə əlaqədar daha detallı məlumatlanacaq və tələbə biletlərinizi əldə edəcəksiniz. Tədbirə dəvət və qeydiyyat ayrıca aparılacaq.

9 sentyabr: İlk dərs günü

2024-cü il 9 sentyabr tarixində ADA Universitetində ilk dərs günüdür.

Sizə dərslərinizdə və gələcək ADA həyatınızda uğurlar arzu edirik!

Hörmətlə,
ADA Universitetinin Tələbə Qəbulu Şöbəsi

Category: Admissions