Kampus

Kampus

ADA İbtidai Məktəbi yaşıl bir bağın qoynunda yerləşir. Heydər Əliyev prospektinə qısa məsafədə, Mərdəkan və Şüvəlan arasında yerləşən bu kampusu biz “Yaşıl ADA” adlandırırıq.

“Yaşıl ADA” sərv boylu hündür ağaclar, al-əlvan güllər arasında salınan bir kampusdur. Təbiətin füsunkar qoynunda məktəblilər sanki nağıllar dünyasında təhsil alırlar. Onlar burada yeni yaşam tərzini kəşf edir və kəşf etdikcə də öyrənirlər.

Elm və Təbiət. Biz bu yeni kampusda uşaqlar üçün təbiətlə iç-içə olmaq və onu daha dərindən dərk etmək üçün bir yaşam tərzi təqdim edirik. Kampusda kiçik bostan və fermamız olacaq. Gənc fermerlərimiz meyvə-tərəvəzin necə yetişdiyinin şahidi olacaq, fermadakı heyvanların necə böyüdüyünü görəcəklər. Biz yeməkxanada təbii yolla becərdiyimizi yeyəcəyik. Beləcə dərslər laboratoriyadan çıxıb, bağda-bağçada davam edəcək. Gənc alimlərimiz bitkiləri, heyvanları, torpağı, suyu, yeri və dünyanı real aləmdə görə-görə öyrənəcəklər.

İncəsənət və Mədəniyyət. “Yaşıl ADA” bir incəsənət parkıdır. Burada cığırlar boyu düzülən heykəllər öz yerini tapacaq, “Galleria ADA”da sənət əsərləri nümayiş olunacaq. Şekspirin “Globe” teatrının replikasının qurulacağı kampusda gənclərimiz yaradıcı bir mühitdə böyüyüb yetişəcəklər.

Vücud və Ruh. Zənnimizcə, yediyimiz gündəlik qidalar fiziki sağlamlığımıza, ağlımıza qoyduğumuz fikirlər isə mənəvi-ruhi sağlamlığımıza təsir edir. Vücud və ruhun harmoniyası isə həm açıq havada, həm də qapalı zalda məşğul olduğumuz idmandan asılıdır. Kampusdakı idman zalı, açıq havadakı futbol, basketbol və digər oyun meydançaları şagirdlərimizin sağlam böyüməsi üçün hər cür imkan verəcək.

Öyrənmək bir həyat və düşüncə tərzi, yaşam stilidir. Onun məğzini və yolunu tapmaq üçün münbit bir mühit təqdim etmək lazımdır. İnanırıq ki, mühit düzgün qurularsa, orada keyfiyyətli, dəyərə malik nəsillər yetişər. Məqsədimiz də elə budur: Səmərəli mühit təqdim edərək qlobal düşüncə tərzinə, milli dəyərlərə malik nəsillər yetişdirmək, həyatboyu öyrənməni və inkişafı onların yaşam tərzinə çevirmək!