Bacarıqlar

Bacarıqlar

ADA ibtidai məktəbi vasitəsilə şagirdlərimiz başladıqları təhsil yolunda “Five C” adı ilə bilinən kompetensiyaları əldə edəcəklər. Bunlar aşağıdakılardır:

Tənqidi düşüncə

Bilik vacibdir, amma o biliyi əzbərləmək yox, real kontekstdə öyrənmək, gündəlik həyatımızda tətbiq edə bilmək də vacibdir. Bizim proqram məhz buna görə şagirdlərdə maraq yaradır. ADA ibtidai məktəbi olaraq biz onların təxəyyüllərini genişləndirir, xəyallarını canlandırırıq.Onları verilən hazır suallara cavab tapmaqdan daha çox sual verməyə yönəldirik. Onlar problemi görə bilir, nəyin düz, nəyin səhv olduğunu ayırd edə bilir. Həmçinin onlar müxtəlif informasiyaları birləşdirir, ümumiləşdirmələr aparmaqla yanaşı, məntiqli cavablar təqdim edirlər.

Yaradıcılıq

Biz şagirdlərimizə müxtəlif situasiyalarla bağlı qeyri-adi, ağıllı ideyalar irəli sürməyə köməklik göstəririk. Onlar rastlaşdıqları problemlərlə bağlı düzgün və orjinal həll yollarını axtarıb tapırlar. ADA ibtidai məktəbində onlar müstəqil düşüncəli və özünəinamlı vətəndaş kimi inkişaf edirlər.

Ünsiyyət

Bizim şagirdlər öz fikirlərini aydın və səlis şəkildə ifadə edir, qarşısındakını dinləyir və onların vurğulamaq istədiyi məqamları asanlıqla başa düşür, həmsöhbətlərinin sözünü kəsmir, dərs prosesi zamanı xüsusi fəallıq nümayiş etdirirlər. Onların mütaliə etmək bacarıqları formalaşır və bunun nəticəsində də kitabları sevirlər. Şagirdlərimiz, həmçinin savadlı yazı bacarıqlarına yiyələnirlər. Onlar həmyaşıdları və ya auditoriya ilə ünsiyyət qurarkən fikirlərini sərbəst şəkildə ifadə etməyi bacarırlar.

Əməkdaşlıq

Bizim şagirdlər düşdükləri vəziyyətdən rahat çıxa bilirlər, başqalarının fikir və düşüncələrini qəbul edirlər və ona hörmət edirlər, müxtəlif mədəniyyətlərə və perspektivlərə qiymət verə bilirlər, işin öhdəsindən təkbaşına deyil, bir yerdə gəlməyi bacarırlar, başqalarını anlayırlar, fikir ayrılıqlarını həll etməyi bacarırlar.

Vətəndaşlıq

Bizim gənc vətəndaşlarımız qarşılarına çıxan məsələyə düzgün yanaşmağı və onu ədalətli həll etməyi bacarırlar, başqalarına anlayış göstərərək fikir ayrılıqlarında ortaq qərara gəlməyi bacarırlar. Dəyərlərin nə olduğunu bilirlər, cəmiyyətdə tutduqları yeri dərk edirlər, daima başqalarına yardım etməyə can atırlar, cəmiyyətin nə olduğunu öyrənirlər, ətrafındakılara hörmətlə yanaşırlar, məsuliyyətli davranırlar.