Dəyərlər

Dəyərlər

Bizim dəyərlərimiz bizim kim olduğumuzu müəyyən edir. Dəyərlər həyatda bizim inam, prinsip, davranış və əməllərimizi formalaşdırır. ADA Məktəbində bizi Qəhrəman - HERO kimi tanıyırlar.

HERO = Honest, Empathetic, Respectful, Open Minded

Dürüst, anlayan, hörmət edən, açıq düşüncəli Qəhrəmanlarıq biz!

Dürüst: Biz həqiqəti söylərik və dürüst hərəkət edərik. Sözümüzün çəkisi var. Əməlimizlə sözümüz eynidir. Dediyimizi edərik. Söz versək, əməl edərik. Ona görə bizə inanırlar və güvənirlər. Dədə-babalarımız başına papaq qoyarmış. Papaq kişinin şərəfi imiş. O şərəfin arxasında kişinin sözü durarmış, kişinin sözü də, əməli də eyni olarmış.

Anlayan: Biz başqalarının yaşadıqlarını hiss edirik, gördüklərini onların gözü ilə görə bilirik, özümüzü onların yerinə qoya bilirik. Məhz bu səbəbdən də laqeyd qalmırıq, əlimizdən gələni edirik. Ailəmiz, dostlarımız, qonşularımız, şəhərimiz, ölkəmiz və ətrafımızdakı dünyamız üçün.

Hörmət: Biz başqalarını olduğu kimi qəbul edərik, hətta bizdən fərqli olsalar və başqa cür düşünsələr belə. Biz bilirik ki, söylədiyimiz hər söz, etdiyimiz hər hərəkət başqalarına təsir edə bilər. Biz başqalarının qayğısına qalırıq, onlar üçün nəsə etmək istəyirik. Böyük-kiçiyin, ağsaqqal-ağbirçəyin nə olduğunu bilirik. Özümüzə hörmət edirik, ailəmizə, dostlarımıza, qonşularımıza, yaşadığımız şəhərə, ölkəyə, dünyaya hörmət edirik.

Açıq fikirli: Biz başqalarına qulaq asa bilirik. Başqalarının fikirləri, təklifləri, mövqeləri bizə yeni görünə bilər. Bəzən hətta bizimkindən fərqli də ola bilər. Biz bu yeniliyə və fərqliliyə açıq yanaşırıq. Elə buna görə də güclüyük və qorxmazıq.

ADA İbtidai Məktəbində, bizi Qəhrəman – HERO kimi tanıyırlar.

DƏYƏRLƏR VƏ BACARIQLARIN FORMALAŞDIRDIĞI MƏZUNLARIMIZ

Təhsil dəyərlər üzərində qurulmalıdır. Əksər hallarda dəyərlər unudulur. Daha çox bilik verməyə can atırıq. Sonra da o biliyi test etmək istəyirik ki, bir gəncin həyatdakı yerini anlayaq. Bəzən imtahanda aldığı qiymət və ya testdə yığdığı bal bir gəncin həyatda harada olacağını müəyyən edə bilir. Bunu dəyişmək lazımdır.

Dəyərlərdən başlamaq lazımdır və təhsili dəyərlər üzərində qurmaq lazımdır. Məhz dəyərlər və bacarıqların vəhdəti bizə həyatda müvəffəq olacaq və layiqli yer tutacaq vətəndaş verə bilər. ADA məktəbində kim olmağımız nəyi bilməyimiz qədər vacibdir. Beləliklə, dəyərlər və bacarıqların formalaşdırdığı məzunlarımız budur.