Kurikulum

Kurikulum

ADA İbtidai təhsili ikidilli proqramdır. Azərbaycan dili əsas tədris dilidir. İngilis dili ikinci tədris dilidir.

Biz bu kurrikulumu yaradarkən, ABŞ və Avropa təhsil modellərini araşdırmışıq, onların təcrübəsi üzərində öz modelimizi qurmuşuq.

ADA yaranandan biz Azərbaycanda ingilis dilində təhsil verən qabaqcıl bir universitet qurmağa çalışırıq. Bu universiteti qurduqca biz tələbələrimizə öz dünyasından çıxıb ətraf dünyanı dərk etməyi öyrətmişik. Ali təhsildə müvəffəq olduqca biz orta təhsilin reallıqlarını görmüşük və onlardan dərs almışıq. Düşünürük ki, keyfiyyətli təhsil yalnız xarici dildə olmamalıdır. Yüksək keyfiyyətli təhsili öz ana dilimiz olan Azərbaycan dilində də yaratmaq olar. İndi biz onu yaratmaq fikrindəyik.

Biz əsas tədris dili Azərbaycan dili olan məktəb yaratmaq istəyirik. Məktəbə ilk dəfə qədəm qoyan şagird vətən dilində yazmağı, oxumağı və danışmağı bacarmalıdır. Onlar Vətən dili ilə bərabər xarici dil kimi ingilis dilini də öyrənəcəklər.

ADA Məktəbində təhsilin özəyi Azərbaycanşünaslıqdır. Fənlər arasında sıx əlaqə yaradıb, dilimizi, ədəbiyyatımızı, tariximizi, coğrafiyamızı, incəsənətimizi, musiqimizi, teatrımızı, kinomuzu, xalçaçılıq sənətimizi, milli mətbəximizi və sərvətlərimizi yeni üslubda tədris edəcəyik. Bütün bu irsimizi dəyərlərimiz və adətlərimiz üzərində tədris edəcəyik. ADA İbtidai Məktəbi özünü öyrənmək, dərk etmək və vətəndaşlıq məzuliyyətinə sahib çıxmaq prinsipləri üzərində qurulur.