Təcrübə

ADA İbtidai Məktəbində bir gün

Şagirdlərimiz məktəbə 08:15- də gəlirlər. Günümüz səhər yeməyi ilə başlayır və 08:45- ə qədər davam edir. Bir masa arxasında toplaşıb, birgə yemək yemək bizim məktəbin başlıca fəlsəfəsidir. Şagirdlərimiz səhər yeməklərini yeyib gəlsələr belə, günümüzə dostlarımızla bir masa arxasında oturub, bir parça çörək kəsməklə başlayırıq.

Dərslər saat 08:45-də başlayır. Səhər əsas fənlər keçirilir. Hər dərs 40 dəqiqə olmaqla tədris edilir və dərslər arasında 5 dəqiqəlik fasilələr olur.

Günorta yeməyi saat 12:45-13:15 arasında verilir. Gündə 2 dəfə ləzzətli qəlyanaltı yeyirik: birinci saat 11:00-11:30, ikinci saat 15:00-15:30 aralığında

Günortadan sonra vaxtımızı studio və emalatxanalarda keçiririk. Studiolarda incəsənət, dizayn, musiqi və dram dərsləri keçirik. Müxtəlif cür yaradıcı fəaliyyətlərlə Azərbaycanın incəsənəti, memarlığı, musiqisi, teatrı, kinosu və digər mədəniyyəti barədə öyrənirik.

Günorta qəlyanaltı yeyib, çölə çıxırıq, bağda-bağçada oynayırıq, bostanımıza, fermamıza baş çəkirik. Təmiz hava alıb doyandan sonra kitabxanaya qayıdır bərabər kitab oxuyuruq, tapşırıqlarımızı edirik. Günün sonunu idman zalında keçiririk, Bədən tərbiyəsi və idman dərsindən ləzzət alırıq. Ən önəmlisi budur ki, həftədə bir dəfə hamımız bir yerdə Sosial Məsuliyyət layihəmiz üzərində işləyirik.

Saat 17:00-da fəaliyyətlərimizi bitirib evə gedirik.

ADA İbtidai Məktəbi - Təhsili ilə fərqlənən gələcək qəhrəmanların evi