İBTİDAİ TƏHSİLİN 5 SÜTUNU

İBTİDAİ TƏHSİLİN 5 SÜTUNU

Arzuları və xəyalları olan məktəblilərin öyrənməsini, dünyanı kəşf etməsini dəstəkləyən ADA İbtidai Məktəbində təlim-tədris 5 təməl sütun üzərində qurulub. Burada təhsil alacaq məktəblilər balanslı, başqa sözlə, biliyi və şəxsi inkişafı eyni anda qazanmaq istəyən gələcək qəhrəmanlardırlar. Onlar dünyanı tanımaq, amma həm də bu dünyada öz yerlərini tapmaq istəyirlər. Həmin şagirdlər üçün Məktəb etibarlı, bilik və bacarıqlarının mükafatlandırıldığı bir yerdir. Məhz elə bu səbəbdən də onlar ADA İbtidai Məktəbində təhsilə üstünlük verirlər. Burada onlar test nəticələrinə görə deyil, inkişaf potensiallarına görə qiymətləndirilirlər. Onların müəllimləri öz şagirdlərinə inanırlar, onların şəxsiyyətlərini inkişaf etdirmələrinə, özlərini tapmalarına kömək edirlər. ADA İbtidai Məktəbində oxuyan şagirdlər üçün həm öyrənmək, həm də inkişaf etmək arzu deyil, çünki bura onların arzularının reallığa çevrildiyi yerdir.

Balanslı Təhsil

Bizim üçün bilik vacibdir, amma insanın düşüncə tərzi və şəxsiyyət kimi formalaşması da vacibdir. Təqdim etdiyimiz təhsil proqramımız məzmun baxımından gənc fərdin akademik biliyi və şəxsi inkişafı arasında balanslı yanaşmanı təmin edir. Şagirdlərimiz ADA İbtidai Məktəbində müxtəlif fənlərdən bilik əldə etməklə yanaşı, eyni zamanda, fəal öyrənməni təşviq edən yaradıcı bir mühitdə yetişirlər. Bizim İbtidai Məktəbin proqramı uşaqlara özünəinamı, əminliyi aşılayır, onlara xəyal qurmaq, təxəyyülünü genişləndirmək imkanı verir, ən önəmlisi isə onları oxumağa və öyrənməyə həvəsləndirir.

Qlobal Düşüncə Tərzi

Biz təhsilin məzmununa diqqət yetiririk. Ortaya qoyulan bir məsələnin məğzinə vararaq həmin məsələ ilə bağlı hərtərəfli biliklərimizi ortaya qoyuruq. Lakin bunu edərkən hər bir fərdin eyni məsələ haqqında fərqli anlayışlara sahib olduğunu, hər kəsin özünəməxsus düşüncə və inanca malik olduğunu dərk edirik. Burada təhsil alan gənc nəslin nümayəndələri də başqalarının fikirlərini dinləməyi, onların inanclarına hörmət etməyi bacaran şəxsiyyət kimi yetişirlər. Onların “Mən mərkəzli” düşüncə tərzləri burada artıq “Biz mərkəzli” düşüncə tərzinə çevrilir. Onlar “Mən” çərçivəsindən çıxıb ətrafındakıları da nəzərə alan düşüncə tərzinə sahib olurlar, kamilləşirlər, mental olaraq böyüyürlər. Həyata başqa perspektivlərdən baxmağa başlayırlar və o perspektivləri anlamağı, analiz etməyi öyrənirlər. Şagirdlər müxtəliflik içərisində özlərini rahat hiss etməyə, fərqli yanaşmalara və mədəniyyətlərə qiymət verməyə başlayırlar. Qısacası, burada onlar qlobal dünya vətəndaşına çevrilirlər.

Azərbaycan Vətəndaşı

Bizdə vətəndaşlıq hissi var, çünki biz tariximizi, mədəniyyətimizi, irsimizi öyrənirik, öyrəndikcə ona daha çox qiymət veririk. Biz bir neçə dildə danışa bilərik, amma öz ana dilimizdə danışa bilməyimizlə fəxr edirik. Məhz elə bu səbəbdən də ADA İbtidai Məktəbində Azərbaycanşünaslıq bütün fənlərin özəyidir. Biz tariximizi, dilimizi, ədəbiyyatımızı, incəsənətimizi, musiqimizi, teatrımızı, kinomuzu, xalçalarımızı, memarlığımızı, milli mətbəximizi, bir sözlə, mədəniyyətimizi öyrənirik. Şagirdin ADA İbtidai Məktəbində başlayan təhsil yolu elə onun həyat yolunu təşkil edir və bu yolda onlara vətəndaşlıq hissinin güclü olduğu bir kimlik bələdçilik edir. Onlar sonda kim olduğunu dərk edən və öz kimliyi ilə qürur duyan vətəndaş kimi yetişəcəklər.

Məktəb Mənim Evimdir

Bizim məktəbdə tədris və öyrənmənin məzmunu, üsulları və vasitələri fərqlidir. Məktəbimiz bizim evimizdir. Bizim şagirdlər öz evlərinə hər gün sevgi ilə, həvəslə gəlirlər, çünki burada onlara inam, güvən, qiymət var. Buna görə də ADA İbtidai Məktəbi bir həyat tərzidir, yaşam stilidir. ADA İbtidai Məktəbi eyni şəkildə düşünən, davranan və ünsiyyət quran, bir-birinə dəyər verən fərdləri bir araya gətirir. Bura sadəcə bina, yalnız bilik verən təhsil ocağı deyil, bura təhsildə mənəviyyatı prioritet edən sağlam bir mühitdir.

Müəllim Mənə Nümunədir

Bizim müəllimlərimiz şərəf və ləyaqət sahibidirlər. Onlar həyatlarında öz dəyərlərinə, inanc və prinsiplərinə sadiq pedaqoqdurlar. Onlar şagirdə özlərinin ən yaxşı halına gəlməyə kömək edən, xəyal qurmağı, özünə inanmağı, sədləri aşmağı öyrədən peşəkardırlar. Onlar bunu yalnız sözlə, biliklə deyil, əməlləri ilə, ortaya qoyduqları nümunəvi davranışları ilə göstərirlər. Bizim şagirdlərimiz öz müəllimlərini sevirlər, onlara rəğbət bəsləyirlər. Bu şagirdlər üçün müəllimləri nümunə təşkil edir.Şagirdlər nəyisə öyrənəcəklər və bəzən də öyrəndiklərini unudacaqlar, amma onlar heç zaman ibtidai məktəb müəllimlərinin adlarını unutmayacaqlar.